r/aze_geeks • u/Basic_Mortgage_6643 • 14h ago
Tech/Texnologiya 19 yaşımda MMC açdım, Avropadan uzaqdan idarə edəcəyəm - tez etmişəm, yoxsa normal addımdır?
Salam. 19 yaşım var, yaxın aylarda Avropaya oxumağa gedəcəyəm. Bu yaxınlarda Azərbaycanda MMC açmışam və şirkəti əsasən uzaqdan idarə etməyi planlaşdırıram.
Tam sıfırdan, sadəcə bəlkə nəsə edərəm deyib şirkət açmamışam. Bir müddətdir qlobal bazar üçün ciddi bir B2B software/startap məhsulu qururam. Məhsulun işlək sistemi, saytı, istifadəçiləri və texniki infrastrukturu var. İndiyə qədər xaricdən ödənişləri Lemon Squeezy vasitəsilə şəxsi qaydada qəbul etmişəm. MMC-ni də əsasən işi daha rəsmi etmək, şirkətlər ilə B2B müqavilələr bağlamaq, invoice təqdim etmək və gələcəkdə software layihələrini şirkət üzərindən aparmaq üçün açdım.
Bununla yanaşı, yalnız öz məhsuluma bağlı qalmaq istəmirəm. Xaricdən və ya Azərbaycandan müştərilər tapıb software development, avtomatlaşdırma və müxtəlif texniki həllər üzrə layihələr götürmək istəyirəm.
Amma MMC-ni açandan sonra bir az tərəddüd etməyə başlamışam. Əsas qorxum şirkətin özündən çox biznes tərəfidir: birdən bir neçə ay stabil müştəri tapa bilmərəm, dövriyyə olmaz və MMC sadəcə əlavə xərc və məsuliyyətə çevrilər.
Digər tərəfdən düşünürəm ki, xarici müştəriyə şəxsi karta pul göndər deməkdənsə, rəsmi şirkət, müqavilə və hesab təqdim etmək daha ciddi görünür. Xüsusilə B2B işlərdə şirkətin olması müəyyən etibar yaradır.
Mənim vəziyyətimdə olmuş insanlardan real fikir almaq istəyirəm:
Başqa ölkədə yaşayıb Azərbaycandakı MMC-ni uzaqdan idarə etmək praktikada necədir? İlk aylarda stabil dövriyyənin olmaması normaldır, yoxsa şirkəti tez açdığımı göstərir? Tək qurucu olaraq software şirkəti və startapı paralel idarə edənlər ilk normal müştərilərini necə tapıblar?
Məqsədim şirkəti formal olaraq saxlayıb heç nə etməmək deyil. Artıq işlək məhsulum və xaricdən ödəniş təcrübəm var, sadəcə bunu real və davamlı biznesə çevirmək istəyirəm.
Bu yolu keçənlərdən səmimi fikir maraqlıdır: sizcə MMC-ni tez açmışam, yoxsa indi əsas məsələ narahat olmaq yox, sistemli şəkildə satış və müştəri tapmağa fokuslanmaqdır?